Türkiyənin həyata keçirdiyi antiterror əməliyyatları təkcə qardaş ölkənin özü üçün deyil, bütün region dövlətlərinin təhlükəsizliyi, eyni zamanda beynəlxalq ictimai sabitliyin qorunması üçün vacibdir. Çünki bir sıra hallarda xarici qüvvələrin dəstəyi ilə fəaliyyət göstərən terror təşkilatları, insan alveri, qaçaqmalçılıq, narkoticarət kimi qanunsuz fəaliyyətlərdən maliyyə qaynağı kimi istifadə edirlər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyə təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi “Eren Abluka-2” antiterror əməliyyatı nəticəsində PKK terror təşkilatı ilə bağlı mühüm məsələlər ortaya çıxıb. Bu əməliyyat zamanı təslim olan terrorçulardan biri ifadəsində bildirib ki, "Bager Erdal" ləqəbli terrorçu Rıdvan Alkan ölkə daxilində həyata keçirilən antiterror əməliyyatlarının birində zərərsizləşdirilib. PKK-dan qaçan şəxs bildirib ki, vurulan bu zərbələr terror təşkilatını daxildən parçalayır, böyük xaos yaşanır.
Bildirilir ki, Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən təhlükəli terrorçu qismində axtarışda olan həmin təhlükəli terrorçu Hakkarinin Yazılı kəndinin Topaçlı məcrasında 2021-ci il avqustun 19-da keçirilmiş əməliyyat zamanı məhv edilib. Həmin terrorçu bir sıra qanlı terror aktlarının, o cümlədən əldədüzəltmə partlayıcılarla təhlükəsizlik qüvvələrinə qarşı həyata keçirilən terror aktların təşkilatçısı və icraçısı olub.
Aparılan təbliğat-təşviqat işləri, eləcə də PKK-ya qarşı keçirilən antiterror əməliyyatları nəticəsində terror təşkilatı sıralarından çox sayda ayrılmalar PKK-nın günahsız insanları güc vasitəsilə terrorçu fəaliyyətə qoşduğunu açıq şəkildə göstərir.