Portuqaliyada iyun ayından başlayan meşə yanğınları davam edir.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-ə istinadla xəbər verir ki, Leriya və Santaren rayonları meşə yanğınlarından daha çox zərər çəkib. Xilasedicilər qocalar evlərindəki yaşlı insanları təxliyə edirlər. Meteoroloqlar havanın artan hərarəti fonunda yanğınların daha geniş ərazilərə yayılacağından ehtiyatlanırlar. İyulun 13-14-də Alenteju vilayətində temperaturun 46 dərəcəyə çatacağı gözlənilir.
Portuqaliyanın hakimiyyət orqanları yerüstü yanğınsöndürmə briqadalarının köməyinə xüsusi avadanlıqla təchiz olunmuş onlarla təyyarə və helikopter göndərib. Təbiət yanğınlarından 30-dan çox insan zərər çəkib, 12 yanğınsöndürənə və 17 sakinə tibbi yardım lazım gəlib. Dağıdıcı yanğınların lokallaşdırılmasına 3 mindən çox yanğınsöndürən cəlb edilib.
Xatırladaq ki, 2017-ci ildə Portuqaliyada nəzarətdən çıxan meşə yanğınları nəticəsində yüzdən çox insan həlak olmuşdu.