Türkiyənin Muğla vilayətinin Datça rayonunda meşəlik ərazidə baş verən yanğın nəzarət altına alınıb, soyutma işləri davam edir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişci bildirib.
Qeyd olunub ki, yanğın 300 hektara yaxını meşəlik, 400 hektarı isə kənd təsərrüfatı sahəsi olmaqla ümumilikdə 700 hektar ərazini əhatə edib. Alovun yaşayış yerlərinə doğru irəliləməsi səbəbindən bölgədən 3520 insan təxliyə edilib. Hadisə nəticəsində 4-ü ciddi olmaqla, 10 evə ziyan dəyib. Yanğın nəticəsində tələfat olmayıb. Xəsarət alaraq xəstəxanaya yerləşdirilən 22 nəfərdən 13-ü artıq evə buraxılıb.
Qeyd edək ki, iki gün davam edən yanğının söndürülməsinə bir ədəd pilotsuz uçan aparat (İHA), 12 xüsusi təyyarə, 29 helikopter, 576-dan çox yanğınsöndürən texnika və 1500-dək canlı qüvvə cəlb edilib.