Betlehemdə ABŞ Prezidenti Cozef Bayden və Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas arasında görüş olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, görüşdən sonra keçirilən birgə mətbuat konfransında ABŞ Prezidenti bir daha Vaşinqtonun Fələstin probleminin “iki dövlət” prinsipi və 1967-ci il sərhədləri çərçivəsində həllini dəstəklədiyini vurğulayıb. O əlavə edib ki, İsrail və Fələstin xalqlarının dinc, yanaşı yaşaması istiqamətində səylər davam etdirilməli, qarşılıqlı etimad mühiti yaradılmalıdır. “Bu gün İsrailin ərəb dövlətləri ilə yaxınlaşması Fələstin probleminin də həllinə müsbət təsir göstərəcək. Eyni zamanda xristian, müsəlman və yəhudilər üçün müqəddəs şəhər olan Qüds sülh və təhlükəsizlik məkanı olmalıdır. ABŞ pandemiya dövründə Fələstin xalqına vaksin, ərzaq yardımları edib və gələcəkdə də bu dəstəyini davam etdirəcək. Gələcək nəsillərin bu torpaqlarda sülh şəraitində yaşamasının təmin edilməsi mühüm vəzifədir və birlikdə buna nail olmalıyıq. ABŞ administrasiyası bu istiqamətdə Mahmud Abbasla əməkdaşlığı davam etdirəcək”, – deyə Cozef Bayden qeyd edib.
Mahmud Abbas Fələstin probleminin həllinə dəstəyinə görə ABŞ Prezidentinə təşəkkür edib və İsraillə konstruktiv dialoqu davam etdirməyə hazır olduğunu bildirib. O əlavə edib ki, problemin 1967-ci il sərhədləri çərçivəsində və “iki dövlət” prinsipi əsasında həlli yeganə çıxış yoludur.