Türkiyədə dövlət çevrilişinə cəhddən sonra İstanbulda bu hadisə ilə əlaqədar 1364 şübhəli həbs edilib
Türkiyədə 2016-cı il iyulun 15-də baş verən dövlət çevrilişinə cəhddən sonra İstanbulda bu hadisənin iştirakçısı olmaqda şübhəli bilinən 2190 nəfər hakim qarşısına çıxarılıb, onlardan 1364-ü həbs edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hadisə ilə bağlı bu günədək İstanbul Respublika Baş Prokurorluğu tərəfindən 18 min 883 ittiham aktı hazırlanıb, 41 məhkəmə prosesi aparılıb. Barəsində araşdırma başlanan, lakin hadisə ilə əlaqəsinin olmadığı müəyyən edilən 38 min 607 nəfər sərbəst buraxılıb. Onlardan 826-na bütün ittihamlar üzrə bəraət verilib. Bəzi məhkəmə proseslərinin eyni gündə aparılması və müttəhim sayının 100-dən çox olması İstanbul Ədalət Sarayının məhkəmə salonlarının işində sıxlıq yaradıb. Pandemiya dövrü ərzində də davam edən bir sıra proseslər onlayn rejimdə təşkil edilib.
FETÖ Terror Təşkilatı tərəfindən hazırlanan dövlət çevrilişi cəhdinin qarşısının alınması Türkiyədə uzun illər dövlət qurumlarında şəbəkələşmiş terror təşkilatını tam şəkildə ifşa etdi. Ötən altı il ərzində bütün Türkiyədə adıçəkilən qruplaşma üzvlərinin saxlanılması istiqamətində minlərlə əməliyyat keçirilib.