Gürcüstanda ABŞ istehsalı olan “Javelin” raketlərindən istifadə ilə bağlı hərbi təlim keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təlimin keçirilməsində məqsəd silahlı qüvvələr arasında təcrübə mübadiləsi və döyüşə hazırlıq səviyyəsinin yüksəldilməsi olub.
Vaziani atıcılıq poliqonunda keçirilən nümunəvi təlimdə Böyük Britaniyanın Xüsusi Əməliyyat Qüvvələrinin nümayəndələri ilə birlikdə Gürcüstan Müdafiə Nazirliyinin Xüsusi Əməliyyat Qüvvələrinin və Reyncer Batalyonunun hərbçiləri iştirak ediblər.
Təlimlər 3 həftə ərzində iki mərhələdə həyata keçirilib. Birinci mərhələdə silahların taktiki-texniki məlumatları ilə tanışlıq və onlardan səmərəli istifadə üsulları öyrənilib, ikinci mərhələdə isə gecə və gündüz döyüş atışları həyata keçirilib.
Yekun səhra təlimində qruplar əvvəlcədən müəyyən edilmiş ərazidə şərti düşmənin zirehli texnikasını aşkar edərək, “Javelin” vasitəsi ilə hədəfi məhv ediblər.