ABŞ Prezidenti Cozef Bayden Yaxın Şərq və Şimali Afrikada ərzaq təhlükəsizliyinə bir milyard dollar ayıracaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Reuters agentliyi ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsinə istinadla məlumat yayıb. Onun sözlərinə görə, bu qərar Ukraynada müharibə səbəbindən qlobal ərzaq təhlükəsizliyi ilə bağlı yaranmış əlverişsiz vəziyyət nəzərə alınaraq qəbul olunub.
Bildirilir ki, Cozef Bayden həmin qərarı Ərəb Dövlətləri Liqasının sammitində çıxışı zamanı elan edəcək. Sammitdə körfəzin altı dövlətinin, həmçinin Misir, İordaniya və İraqın iştirakı gözlənilir.
ABŞ Prezidenti iyulun 13-dən 16-dək Yaxın Şərq ölkələrində səfərdədir. O, iyulun 15-də dövlət başçısı kimi Səudiyyə Ərəbistanına ilk rəsmi səfərini həyata keçirib. Amerika liderini ölkənin vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əs-Səud qarşılayıb. Tərəflər neft tədarükünün artırılması ilə bağlı məsələləri müzakirə ediblər.