Ankara ərzaq böhranının nizamlanmasında mühüm rol oynayır, Türkiyənin iştirakı olmadan regionda sülh və sabitliyi təmin etmək mümkünsüzdür.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TRT telekanalının efirində bildirib.
“Ukrayna böhranının timsalında görünür ki, Türkiyənin iştirakı olmadan regionda sülh və sabitliyi təmin etmək mümkün deyil. Türkiyə müharibənin dayanması və ərzaq böhranının həlli üzərində səmimi çalışan mühüm oyunçudur”, - Mövlud Çavuşoğlu belə deyib.
Onun sözlərinə görə, Ukraynadan taxıl və kənd təsərrüfatı məhsullarının daşınması üçün təhlükəsiz dəhliz yaradılmasında hamı ümidini Türkiyəyə bağlayır. “BMT-nin Baş katibi Antonio Quterreş göstərilən səylərə görə bizim prezidentə şəxsən təşəkkür edib”, - deyə nazir bildirib.
Xatırladaq ki, iyulun 13-də İstanbulda BMT nümayəndələrinin iştirakı ilə Türkiyə, Ukrayna və Rusiyanın hərbi nümayəndə heyətləri Ukraynadan ərzaq məhsullarının dəniz yolu ilə daşınması məsələsini müzakirə ediblər. Nümayəndə heyətlərinin gələn həftə nəzərdə tutulan növbəti görüşündə yekun sənədin imzalanması gözlənilir. Hazırda tərəflər sazişin detalları üzərində işləyir.