Türkiyə və Fransa prezidentləri “SAMP-T” raket əleyhinə müdafiə sisteminin istehsalını müzakirə ediblər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
NUHÇIXAN İnformasiya Agentliyi Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinə istinadla xəbər verir ki, prezidentlər ikitərəfli münasibətlərə və regional proseslərə dair məsələlər ətrafında müzakirə aparıblar.
Prezident Rəcəb Tayyib Ərdoğan “SAMP-T” ilə bağlı gözlədiklərinin “tam açıq” prinsiplər çərçivəsində maksimum əməkdaşlığı özündə ehtiva edən ortaq bir sistem yaratmaq və tədarük layihəsinə başlamaq olduğunu ifadə edib.
Ukrayna taxılının ixracatı ilə bağlı prosesin İstanbulda qurulacaq və Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndələrindən ibarət olacaq bir Koordinasiya Mərkəzindən idarə edilməsi qərarının qəbul edildiyini bildirən Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, bu planın sürətlə həyata keçirilməsi beynəlxalq qida təhlükəsizliyində böyük rahatlıq yaradacaqdır.
Qeyd edək ki, Türkiyə tərəfi Fransa və İtaliya ortaq təsisatları olan “Eurosam” (Avropa müdafiə) Konsorsiumu çərçivəsində “SAMP-T” raket əleyhinə müdafiə sisteminin Türkiyədə istehsalına başlamaqda israrlıdır.