Böyük Britaniya bu gün ölkə tarixinin ən isti gününü yaşayır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, gün ərzində temperaturun 41 dərəcəyə çatacağı gözlənilir.
Hidrometeorologiya Departamenti bazar ertəsi və çərşənbə axşamı ekstremal temperaturlarla bağlı xəbərdarlıq edib. İsti dalğanın paytaxt Londondan tutmuş, şimalda York və Mançesterə qədər bütün İngiltərədə hiss olunacağı istisna edilmir.
İsti dalğasının çərşənbə axşamı da davam edəcəyi, hətta gecə temperaturunun 25 dərəcə olacağı və çərşənbə günündən etibarən temperaturun enəcəyi gözlənilir.
Milli Dəmir Yolları Şəbəkəsi də vətəndaşları yalnız zəruri hallarda səyahət etməyə çağırıb.
Səhiyyə naziri Stiv Berkli isti dalğası səbəbindən təcili yardım xidmətinin imkanlarının artırıldığını açıqlayıb.
Qeyd edək ki, ölkə tarixinin ən yüksək temperaturu 2019-cu ildə Kembricdə qeydə alınıb. Həmin vaxt temperatur 38,7 dərəcə olub.