"Qarabağda Ermənistandan çağrılmış müddətli hərbi qulluqçular olmayacaq, lakin orada hərbçi çağırışçılar qulluğa çağrılmağa davam edəcəklər".
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
Onun sözlərinə görə, müharibə zamanı Ermənistan Silahlı Qüvvələrinin bir sıra bölmələri qanunsuz hərbi birləşməyə köməyə gedib.
"Atəşkəs əldə edildikdən və Rusiya sülhməramlı kontingentinin Qarabağda yerləşdirilməsindən sonra Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin Qarabağdan çıxarılması məntiqlidir", - deyə Qriqoryan qeyd edib.
Qriqoryan vurğulayıb ki, müharibə səbəbindən Qarabağa daxil olmuş SQ bölmələri Ermənistana qayıdır: "Müharibə səbəbindən Ermənistan Silahlı Qüvvələrinin bir sıra bölmələri "müdafiə ordusu"na (qanunsuz hərbi birləşmə - red.) kömək etmək üçün Qarabağa daxil olub. Atəşkəsdən sonra onlar Ermənistana qayıdırlar. Bu proses yekunlaşmaq üzrədir və sentyabrda başa çatacaq. "Müdafiə ordusu"na gəlincə, o, Qarabağda olub və orada qalmaqdadır".