Şri-Lanka parlamenti daxili səsvermə yolu ilə dövlət başçısı vəzifəsini icra edən 73 yaşlı sabiq baş nazir Ranil Vikramasinqhi yeni prezident seçib.
NUHÇIXAN İnformasiya Agentliyi Reuters agentliyinə istinadla xəbər verir ki, 225 parlament üzvündən 134-ü Ranil Vikramasinqhin lehinə səs verib. Onun əsas rəqibi, hakim partiyadan olan deputat Dullas Alahapperuma isə cəmi 82 səs toplayıb.
Ranil Vikramasinqh bundan öncə Birləşmiş Milli Partiyanın lideri kimi iki dəfə prezidentliyə namizədliyini irəli sürsə də, qanunvericilərin kifayət qədər səsini toplaya bilməmişdi.
Xatırladaq ki, Şri-Lankada kəskin iqtisadi-sosial böhran səbəbindən başlayan kütləvi aksiyalar və güclü etirazlar fonunda ölkəni tərk edərək Sinqapura gedən prezident Qotabaya Racapaksa iyulun 15-də vəzifəsindən rəsmən istefa verib.