Birləşmiş Ştatlar administrasiyası Türkiyə rəhbərliyinin taxıl ixracı üçün Qara dənizdəki Ukrayna limanlarının blokadadan çıxarılması üzrə danışıqlarda birbaşa iştirakını dəstəkləyir, lakin Kremlin real motivasiyası ilə bağlı heç bir illüziyaya qapılmır.
NUHÇIXAN İnformasiya Agentliyi Ukrinform agentliyinə istinadla xəbər verir ki, bu barədə Ağ evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Vaşinqtonda keçirilən brifinqdə deyib.
“Taxıl ixracı ilə bağlı Türkiyə, Ukrayna və Rusiyanın iştirakı ilə keçirilən danışıqları diqqətlə izləyirik. Biz danışıqlarda irəliləyişə ümid edirik, lakin Rusiyanın bu məsələdə ambisiyalarını da aydın başa düşürük. Qara dənizdə faktiki blokadanın olmasından xəbərdarıq”, - deyə Cozef Bayden administrasiyasının nümayəndəsi bildirib.
Con Kirbi ABŞ-ın Rəcəb Tayyib Ərdoğanın Ukraynadan taxıl ixracı məsələsində liderlik etdiyini alqışladığını vurğulayıb. O, həmçinin danışıqlarda Ukraynanın da iştirakının vacib olduğunu deyib. “Ukrayna qəbul edilən istənilən qərarın bir hissəsi olmalıdır”, - deyə Ağ evin nümayəndəsi əlavə edib.
Anadolu informasiya agentliyinin məlumatına görə, Prezident Rəcəb Tayyib Ərdoğan iyulun 19-da İranda Rusiyalı həmkarı Vladimir Putinlə görüşüb. Türkiyə lideri Ukrayna taxılının blokadadan çıxarılması üzrə danışıqların nəticələrinin bütün dünyaya müsbət təsir edəcəyini deyib.
Qeyd edək ki, iyulun 13-də İstanbulda Türkiyə, Ukrayna və Rusiyanın müdafiə nazirliklərinin hərbi nümayəndə heyətləri, həmçinin BMT nümayəndələri arasında baş tutan danışıqlarda taxılın daşınması üzrə mərkəzin yaradılması barədə razılıq əldə olunub. Bu gün nümayəndə heyətlərinin növbəti görüşü gözlənilir.