Meyvələrin tərkibində orqanizm üçün lazım olan bir çox vacib komponentlər var. Lakin təkcə təzə meyvələr yox...
Quru meyvələrin yeyilməsi də sağlamlığa çox müsbət təsir göstərir.
NUHÇIXAN xəbər verir ki, qurudulmuş əriyin tərkibi bol miqdarda A, E, eləcə də B qrupu vitaminləri və kaliumla zəngindir. Həzm probleminə yaxşı təsir edir, stresin, qan azlığının qarşısını alır. Tərkibində olan A vitamini akne kimi dəri probleminə qarşı faydalıdır. Quru ərik görmə funksiyasını yaxşılaşdırır, şəkər xəstəliyinin inkişafına mane olur, immunitet sistemini gücləndirir.
Gavalı qurusu da çox xeyirlidir. Quru gavalı tərkibində olan zəngin kalium və maqneziuma görə böyrək, qaraciyər və revmatizm xəstəlikləri zamanı müsbət təsir göstərir, sümükləri möhkəmləndirir.
Faydalı meyvələrdən olan bananın tərkibi süd, zülal və az miqdarda yağdan ibarətdir, qalan hissəsini isə müxtəlif üzvü maddələr və kalium təşkil edir. Bu meyvə bir çox xəstəliklərin dərmanıdır. Banan qan təzyiqini aşağı salır, tərkibində kalium və natrium birliyi hüceyrənin inkişafını, əzələ toxumasının tənzimlənməsini, ürək döyüntüsünü və maye-duz balansını normalaşdırır.
Üzümün tərkibi 20-25 faiz qlükozadan ibarət olduğuna görə qanda tez mənimsənilir. Buna görə də ağır zehni yorğunluqdan əziyyət çəkənlərə böyük faydası var. Tərkibi qlükoza və dəmirlə zəngin olduğuna görə orqanizmdə qanın əmələ gəlməsinə və anemiyanın müalicəsinə kömək edir. Üzümdə olan təbii komponentlər orqanizmdə həzm pozğunluğu, böyrək və qaraciyər xəstəlikləri zamanı müsbət təsir göstərir. Üzümün tərkibindvəki bəzi kimyəvi birləşmələr onkoloji xəstəliklərin yayılma riskini azaldır.
Zəngin mineral mənbələrindən biri olan əncirin tərkibində fosfor, kalium, dəmir, kalsium, maqnezium maddələri, B vitaminləri qrupu və A vitaminləri var. Onların sayəsində bu meyvə enerjinin bərpası üçün əvəzolunmaz vasitədir və orqanizmdə əzələ, sinir sistemlərinin inkişafına yardım edir. Meyvələr içərisində ən çox mineral toplusu da əncirin tərkibindədir.