Taxıl dəhlizi ilə bağlı İstanbulda imzalanacaq saziş dünya bazarlarına azı 25 milyon ton taxıl çıxarmağa imkan verəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə TASS agentliyi İstanbuldakı mənbəyinə istinadla məlumat yayıb.
“Bu gün İstanbulda imzalanacaq saziş sayəsində ilk mərhələdə Ukrayna limanlarında ərzaq daşıyan 80-ə yaxın gəmi blokadadan çıxarılacaq. Hesablamalarımıza görə, bu mexanizm işə salındıqdan sonra yaxın həftələr ərzində dünya bazarlarına təqribən 25 milyon ton taxıl çıxarmaq mümkün olacaq”, - deyə mənbə bildirib.
Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Nəticədə Ukraynanın Azov dənizi sahilləri tamamilə, Qara dəniz sahilləri isə qismən Rusiyanın nəzarətinə keçib. Həmçinin RF donanması Ukraynanın işğal altında olmayan limanlarını blokadaya alıb.