Ukrayna taxılının daşınması məsələsi üzrə İstanbul koordinasiya mərkəzinə türkiyəli admiral rəhbərlik edəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyə mediasının yaydığı məlumata görə, mərkəzdə iyulun 22-də “məhsuldar sazişə” imza atmış “dördlüyün” 20 nümayəndəsi işləyəcək. Ukrayna, Rusiya və BMT nümayəndələri artıq İstanbula gəlməyə başlayıblar. Ukrayna və Rusiya hərbçiləri yalnız zərurət yarandığı təqdirdə görüşəcək. Onlar ayrı-ayrı kabinetlərdə işləyəcəklər.
Ukraynanın üç limanından (Odessa, Yujnı və Çornomorsk) taxılın daşıması marşrutlarında naviqasiyanın təhlükəsizliyinə nəzarət gecə-gündüz həyata keçiriləcək.
Xatırladaq ki, ərzaq məhsullarının və gübrələrin dünya bazarlarına ixracı probleminin həli üçün iyulun 22-də İstanbulda sənədlər paketi imzalanıb. Buraya İstanbul koordinasiya mərkəzinin təşkilı də daxildir. Türkiyənin milli müdafiə naziri Hulusi Akarın sözlərinə görə, mərkəzin nümayəndələri taxıl yüklü ilk gəminin Ukrayna limanlarından tezliklə çıxması üçün səyləri koordinasiya edirlər.