Koronavirus pandemiyasının Avropanın hava nəqliyyatı sahəsində yaratdığı böhran bir neçə il davam edə bilər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Qatar Airways” aviakompaniyasının Baş direktoru Əkbər əl-Bəkir Böyük Britaniyanın “Financial Times” qəzetinə müsahibəsində deyib.
“Koronavirus pandemiyası bir neçə ilə bərpa olunacaq sənaye təchizatı zəncirini pozub. Aviasiya daşımalarında yaranan böhran tezliklə bitməyəcək”, - deyə Əkbər əl-Bəkir bildirib.
Avropanın “Airbus” təyyarə istehsalı konsorsiumunun rəhbərliyi də eyni fikri bölüşür. Kompaniyada hesab edirlər ki, xammalın, komponentlərin, ehtiyat hissələrinin və elektronikanın təchizatı ilə bağlı problemlər gələn il də davam edəcək.
“Qatar Airways” aviakompaniyasının məlumatına görə, daşımalarla bağlı böhran hava limanlarında kadr çatışmazlığı ilə bağlı xeyli kəskinləşir və onu qısa müddət ərzində aradan qaldırmaq çətindir. Aviakompaniyanın baş direktorunun sözlərinə görə, bu problem bütün Avropada sistemli hal alıb.
Hazırda bir sıra Avropa ölkələrinin hava nəqliyyatı sahəsində ciddi problemlər davam edir. Almaniya, Fransa, Böyük Britaniya, İrlandiya və Norveçdə aprelin əvvəlindən bəri on minlərlə uçuş ləğv edilib, aviaşirkətlər yüz milyonlarla dollar itirib. Böhrana koronavirus pandemiyası zamanı on minlərlə işçinin ixtisar edilməsi səbəb olub.