Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi nümayəndəsi İbrahim Kalın taxıl dəhlizi ilə yalnız kənd təsərrüfatı məhsullarının daşınmasına icazə veriləcəyini və buna İstanbulda çərşənbə günü rəsmi olaraq açılacaq Birgə Koordinasiya Mərkəzinin nəzarət edəcəyini bildirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, İbrahim Kalın Bloomberg agentliyinə müsahibəsində dəhliz vasitəsilə taxıldan başqa digər məhsulların daşınmasına icazə verilməyəcəyini deyib.
Onun sözlərinə görə, taxıl daşıyan gəmilərin Ukrayna limanlarından çıxışı yerli hakimiyyət orqanları tərəfindən tam nəzarətə götürüləcək. Gəmilər Türkiyənin ərazi sularına daxil olduqdan sonra İstanbul yaxınlığında yoxlamadan keçəcək. Analoji prosedur geri qayıdan gəmilər üçün də tətbiq olunacaq. Yoxlamalar Qara dəniz taxıl ixracı müqaviləsi çərçivəsində Birgə Koordinasiya Mərkəzinin dəstəyi ilə türk personalı tərəfindən həyata keçiriləcək.
Türkiyə Prezidentinin nümayəndəsi, həmçinin taxıl sazişinin uğurla həyata keçirilməsinin Ukrayna ilə Rusiya arasında danışıqların bərpasına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Xatırladaq ki, iyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə tədarükü probleminin həlli üçün sənədlər paketi imzalanıb. İmzalanan digər sənəd isə Ukraynanın nəzarətində olan Qara dəniz limanlarından taxıl ixracının mexanizmini müəyyən edir. Türkiyə, Ukrayna, Rusiya və BMT arasında imzalanan sazişlər dördtərəfli koordinasiya mərkəzinin yaradılmasını nəzərdə tutur. Mərkəzin nümayəndələri silah qaçaqmalçılığı və təxribatların qarşısını almaq üçün taxıl gəmilərinə baxış keçirəcəklər.