Başda PKK, YPG, PYD və FETÖ olmaqla terror təşkilatlarına qucaq açmağın müttəfiqlik ruhuna uyğun olmadığını bir daha vurğulamaq istəyirəm. Almaniyada PKK-nın fəallığının artdığını görürük. Ştutqartdakı baş konsulluğumuza məxsus avtomobilin yandırılmasından sonra kəskin reaksiyamızı və gözləntilərimizi də Almaniya rəsmilərinə çatdırmışıq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə birgə keçirdiyi mətbuat konfransında ifadə edib.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin haqsız qərarlarına etirazını bildirən nazir Mövlud Çavuşoğlu, həmçinin Yunanıstanın Egey dənizindəki adalarda silahlanmamaq barədə götürdüyü öhdəliyə əməl etmədiyini diqqətə çatdırıb.
Türkiyə, Rusiya, Ukrayna və BMT-nin ortaq razılaşması əsasında Ukraynadan taxıl məhsullarının təhlükəsiz daşınması üçün İstanbulda Birgə Koordinasiya Mərkəzinin yaradılmasını yüksək dəyərləndirən nazir Annalena Berbok bildirib ki, bu məsələdə Türkiyə böyük uğura nail olub.
Nazirlər müzakirə olunan digər məsələlər barədə də jurnalistlərə ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar.