Amerikalı biznesmen İlon Mask tviter sosial şəbəkəsini satın almaq barədə sövdələşməni tamamlamağa məcbur etmək məqsədilə onu məhkəməyə verən “Twitter” kompaniyasına qarşı əks-iddia qaldırıb.
NUHÇIXAN İnformasiya Agentliyi CNBC telekanalına istinadla xəbər verir ki, İlon Mask Delaver məhkəməsindən iddianın təfərrüatlarını gizli saxlamağı xahiş edib.
Aprel ayında “Twitter” kompaniyası İlon Maskın sosial şəbəkəni 44 milyard dollara satın almaq istədiyini bildirib. May ayında sahibkar saxta və kütləvi şəkildə reklam hesablarının göndərilməsi üçün istifadə olunan hesabların ümumi istifadəçilərin 5 faizindən az olduğunu təsdiqləyəcək məlumat almağa çalışıb. Lakin sosial şəbəkənin rəhbərliyi bu barədə informasiya təqdim etməyib.
İyulun əvvəlində İlon Maskın vəkilləri biznesmenin sövdələşmədən imtina etdiyi barədə kompaniyanı məlumatlandırıb. İyulun 12-də isə “Twitter” satınalmanın başa çatdırılması üçün məhkəməyə müraciət edib.
Delaver məhkəməsi biznesmenin “Twitter” kompaniyasını satın almaq üçün müqaviləni tamamlamaqdan imtinası ilə bağlı oktyabr ayına dinləmə təyin edib. Məhkəmə İlon Maskın “Twitter” ilə birləşmə müqaviləsini birtərəfli qaydada ləğv etmək hüququnun olub-olmadığını müəyyən etməlidir.
“Bloomberg” agentliyinin məlumatına görə, “Tesla” və “SpaceX” kompaniyalarının sahibi İlon Mask 214 milyard dollar sərvətlə dünyanın ən varlı adamlarının siyahısına başçılıq edir.