Rusiya Mərkəzi Bankı hesabdan xarici valyutanın nağd şəkildə çıxarılmasına məhdudiyyətlərin müddətini daha 6 ay, 2023-cü il martın 9-dək uzadıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, gələn ilin martınadək hesabdan yalnız 10 min dollar və ya avroyadək nağd vəsait çıxarılmasına icazə veriləcək. Əlavə vəsaiti isə rublla həmin günün valyuta kursuna uyğun nağdlaşdırmaq olar.
Rusiya Mərkəzi Bankının yaydığı məlumatda deyilir ki, məhdudiyyətlər Rusiyaya qarşı sanksiyalarla əlaqədar tətbiq olunur. Belə ki, Rusiya maliyyə institutlarına Qərb ölkələrindən nağd valyuta almaq qadağan edilib.
Bundan əlavə, ölkədə xarici valyuta alışına da məhdudiyyətlər qüvvədədir. Banklar vətəndaşlara yalnız 2022-ci il aprelin 9-dək daxil olmuş avro və ya dolları sata bilərlər. Digər valyutaların satışına məhdudiyyət yoxdur.