Ukraynadan yola çıxan taxıl yüklü ilk gəmi böyük ehtimalla avqustun 2-də Ankara vaxtilə saat 15:00 radələrində İstanbulun Boğaziçi sahillərində lövbər salacaq. Birgə nümayəndə heyəti yükü yoxlayacaq. Bu protokol bütün gəmilərə şamil olunacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Anadolu Agentliyinə açıqlamasında bildirib.
Bu məsələnin öz həllini tapmasının çox vacib olduğunu deyən nazir bildirib ki, burada söhbət Rusiya-Ukrayna böhranı ilə əlaqədar limanlarda gözləyən 25 milyon tondan çox taxıldan gedir. İlk gəminin yola çıxmasının ardınca növbəti gəmilər də heç bir problem olmadan eyni şəkildə hərəkət edəcəklər. Qlobal ərzaq problemi miqrasiyaya səbəb ola biləcək səviyyəyə yüksəlib. Bu, Afrikadan Avropaya və Türkiyəyə ciddi miqrasiya dalğası gətirə bilər. Bu məsələnin həll edilməsi vacibdir.
Türkiyənin Ukrayna ərazisində qalan iki hərbi təyyarəsi barədə də danışan nazir bildirib ki, heyətlər gözləyir və təyyarələrə xidmət göstərilib. Hava gəmilərinə təxribat cəhdi ola biləcəyi ehtimalı ilə əlaqədar hələlik gözləyirik. Ən münasib vaxtda təyyarələrimizi geri gətirməyi planlaşdırırıq.
Türkiyənin terrorla mübarizəsinə toxunan Hulusi Akar qeyd edib ki, ölkəsinin əsas prinsipi son terrorçu məhv edilənə qədər bu mübarizəni davam etdirməkdir. Bu il yanvarın 1-dən indiyədək 2226 terrorçu zərərsizləşdirilib. Bu günə qədər 24 min 435 FETÖ üzvü ölkədən çıxarılıb. Onlardan 2754-nün rütbəsi alınıb.