BMT-nin Baş katibi Antonio Quterriş avqustun 6-da Hiroşimanın atom bombardmanına məruz qalmasının ildönümü ilə əlaqədar keçiriləcək tədbirdə Yaponiyanın Baş naziri Fumio Kişida ilə görüşəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə avqustun 2-də Tokioda keçirilən mətbuat konfransında Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno məlumat verib.
“BMT-nin Baş katibi avqustun 5-dən 8-dək Yaponiyaya səfər edəcək. Avqustun 6-da o, Hiroşima şəhərinin atom bombardmanı qurbanlarının xatirə mərasiminə qatılacaq və burada Baş nazir Fumio Kişida ilə görüşəcək. Bundan sonra onun Tokioda xarici işlər naziri Yoşimasa Hayaşi ilə görüşü planlaşdırılır”, - deyə baş katib bildirib.
Qeyd edək ki, A.Quterriş 2018-ci il avqustun 9-da Naqasakidə atom bombardmanı qurbanlarının xatirə mərasimində iştirak edib. Növbəti dövrdə Baş katib Hiroşimada keçirilən mərasimə qatılmağı planlaşdırsa da, koronavirus pandemiyasına görə bunu edə bilməyib.