Ermənistanın paytaxtı İrəvan metrosunda bomba axtarışları nəticəsiz qalıb, bununla bağlı xəbərin yalan olması üzə çıxıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə İrəvan Metropoliteninin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, stansiyalara baxış zamanı heç bir partlayıcı qurğu aşkar edilməyib.
"İrəvan metropoliteni həmişə olduğu kimi sabah (bu gün-red) saat 07:00-da fəaliyyətini bərpa edəcək. Paytaxt sakinlərindən və qonaqlarından bir daha üzr istəyirik", - məlumatda deyilir.
Xatırladaq ki, avqustun 2-də axşam saatlarında Ermənistan Fövqəladə Hallar Nazirliyinə İrəvan meriyasına, “Zvartnots” hava limanına, parlament binasına və bir sıra digər mühüm hərbi, habelə mülki obyektlərə bomba qoyulması barədə məlumat daxil olub. Məlumatların yoxlanılması üçün yanğınsöndürən və xilasedicilərdən ibarət heyətlər, eləcə də bir qrup minaaxtaran istehkamçı həmin ərazilərə göndərilib.
Fövqəladə Hallar Nazirliyi “Zvartnots” hava limanında və İrəvan meriyasında yoxlamalar zamanı partlayıcı qurğunun aşkar edilmədiyini bildirib.