ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri xanım Nensi Pelosinin rəsmi Pekinin sərt etirazına səbəb olan Tayvan səfəri başa çatıb.
NUHÇIXAN İnformasiya Agentliyi xarici mediaya istinadla xəbər verir ki, Nensi Pelosinin rəhbərlik etdiyi nümayəndə heyəti Tayvandan Asiya turu çərçivəsində Cənubi Koreyaya yola düşüb.
Nensi Pelosi Tayvan lideri Tsay In-ven ilə görüşüb və mətbuat konfransı keçirib. Görüş yerli telekanallar vasitəsi ilə canlı yayımlanıb. Tsay In-ven Nensi Pelosini Tayvanla əməkdaşlığa dəstəyinə görə xüsusi dövlət mükafatı ilə təltif edib və onu Tayvanın əsl dostu adlandırıb. Spiker bundan başqa Tayvanın qanunverici orqanına da baş çəkib.
Bu, ABŞ Nümayəndələr Palatasının spikeri vəzifəsini tutan şəxsin özünü müstəqil dövlət kimi qələmə verən, amma BMT də daxil olmaqla beynəlxalq ictimaiyyətin Çin Xalq Respublikasının ərazisi kimi tanıdığı Tayvan adasına 1997-ci ildən sonra ilk səfəridir.
Rəsmi Pekin müvafiq cavab tədbirləri görəcəyini bildirib.