Rusiya Prezidenti Vladimir Putin Ukrayna taxılının tədarükü və Rusiya məhsullarının daşınması probleminin həllində iştirakına görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
NUHÇIXAN İnformasiya Agentliyi Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Putin Ərdoğanla Soçidə keçirilmiş görüş zamanı bildirib.
“Tədarük prosesinə start verilib. Rusiya ərzaq məhsullarının və gübrələrinin də dünya bazarlarına çıxarılması və fasiləsiz tədarükü haqqında qərar qəbul edilməsinə görə sizə minnətdarlığımı bildirmək istəyirəm”, - Rusiyanın dövlət başçısı deyib.
O, Türkiyə Prezidentinin və BMT-nin Baş katibi Antoniu Quterreşin bu problemin nizamlanmasına verdiyi töhfəni xüsusilə vurğulayıb.
Onun sözlərinə görə, bu addım bir çox ölkə, ilk növbədə, inkişaf etməkdə olan ölkələr üçün vacib rol oynadı və onlara ciddi ərzaq böhranından xilas olmaq imkanı verdi.
V.Putin bunun ərzaq və su təminatı ilə bağlı böyük problemlərin astanasında olan ölkələr üçün çox vacib olduğunu vurğulayıb: “Şəxsən sizin iştirakınızla qəbul edilmiş bu qərarlar bütün bu ölkələr üçün çox böyük əhəmiyyət kəsb edir. Buna görə sizə öz təşəkkürümü bildirirəm”.