“Amnesty İnternational” hüquq-müdafiə təşkilatı Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı qərəzli hesabatına görə üzr istəyib.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyi “Reuters”ə istinadən xəbər verir.
Qeyd edək ki, bu həftə “Amnesty İnternational” təşkilatının hesabatı dərc edilib, hesabatda Ukrayna qoşunlarının yaşayış məntəqələrində olmasının mülki vətəndaşlar üçün riskləri artırdığı və onların Rusiyanın zərbələri üçün hədəfə çevrildiyi iddia olunub.
"Amnesty İnternational” Ukrayna hərbçilərinin döyüş taktikası ilə bağlı press-relizimizin yaratdığı həyəcan və qəzəbdən dərin təəssüflənir”, - hesabatda qeyd edilib.
Təşkilat iddia edib ki, bu və digər münaqişələrdə prioriteti mülki şəxslərin müdafiəsini təmin etməkdir.
Xatırladaq ki, təşkilatın qərəzli hesabatı Ukrayna rəhbərliyində rezonansa səbəb olmuşdu, Prezident Volodimir Zelenski hüquq müdafiəçilərinin Rusiyanın hərbi cinayətlərinə görə məsuliyyəti Ukraynanın üzərinə atmağa çalışdıqlarını bildirmişdi.
Avqustun 4-də beynəlxalq insan haqları təşkilatı Ukraynanın Rusiya ordusuna qarşı durmaq üçün yaşayış məntəqələrində hərbi mövqelər yerləşdirməklə mülki əhalini təhlükəyə atdığını bildirən mübahisələrə yol açan hesabat yayıb.
Təşkilatın Ukrayna filialı daha əvvəl hesabatın hazırlanmasında və yayılmasında iştirak etmədiyini bəyan edib.
“İşğalçıların basqın və parça-parça etdiyi ölkədə yaşamırsansa, yəqin ki, müdafiəçilərin ordusunu mühakimə etməyin nə demək olduğunu başa düşmürsən”, - Oksana Pokalçuk feysbuk hesabında yazıb.
“Amnesty International” əvvəlcə tənqidləri qəbul etməmişdi.
“Amnesty International” təşkilatının Ukrayna ofisinin direktoru Oksana Pokalçuk Ukrayna Silahlı Qüvvələrinə qarşı ittihamlar dərc edildikdən sonra istefa verib.
Xatırladaq ki, bu, təşkilatın ilk qərəzli hesabatı deyil. “Amnesty International” daha əvvəl də Azərbaycana qarşı qərəzli hesabatlar yayıb. Təşkilatın xüsusən ikinci Qarabağ müharibəsi ilə bağlı hesabatı birərəfli, qərəzli idi.