İsrail və Fələstin bu gün axşamdan etibarən atəşkəsin bərqərar olmasına dair Misirin təklifini qəbul ediblər. Üç gün davam edən qarşılıqlı raket hücumlarından sonra tərəflər yerli vaxtla saat 20:00-dan atəşin dayandırılması barədə razılığa gəliblər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Misir Prezidenti Əbdülfəttah əs-Sisinin xüsusi elçisi avqustun 6-7-də Təl-Əviv və Qəzzada danışıqlar aparıb. “Əl Əhram” qəzetinin məlumatına görə, İsrail, həmçinin hazırda yanacaq böhranı ilə üzləşmiş Qəzzanın blokadasının yumşaldılması təklifini də qəbul edib.
Ötən ilin mayında da İsrail və Fələstin arasında 11 gün davam edən raket hücumlarına Misirin vasitəçiliyi ilə son qoyulmuşdu.