Türkiyə dövlətinin təşəbbüsü ilə Ukrayna limanlarında gözləyən taxıl və digər ərzaq məhsullarının daşınması üçün açılan dəhliz vasitəsilə son bir həftə ərzində on ticarət gəmisi yola çıxıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gəmilər vasitəsilə indiyədək 305 min 458 ton taxılın daşınmasına müvəffəq olunub.
Bu çərçivədə avqustun 1-də Syerra-Leone bayrağı altında üzən "Razoni" adlı quru yük gəmisi Odessa limanından hərəkət edən ilk gəmi olub. Avqustun 5-də isə Bandırma Limanından yola düşən və Barbados bayrağı ilə üzən "Fulmar S" adlı boş gəmi avqustun 7-də Ukraynanın Odessa vilayətinin Çornomorsk limanına çatıb. “Fulmar S” yükləri qəbul etmək üçün Ukrayna limanlarına gələn ilk gəmi olub.
Qeyd edək ki, iyulun 22-də İstanbulda Türkiyə, Rusiya Federasiyası, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında bununla bağlı saziş imzalanıb. Sənədə əsasən, Ukraynada taxıl yükləri ilə hərəkət edən gəmilər İstanbulun Bosfor boğazının girişində onlara ayrılan ərazidə lövbər salır. Burada Birgə Koordinasiya Mərkəzi tərəfindən yoxlanılan gəmilər təyinat limanlarına doğru yola düşürlər.