Kreml Türkiyə Prezidentinin Rusiya ilə Ukrayna arasında danışıqların təşkili ilə bağlı səylərini yüksək qiymətləndirir
Kreml Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya ilə Ukrayna arasında danışıqlar prosesinin təşkil edilməsi ilə bağlı səylərini yüksək qiymətləndirir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
O, Türkiyə Prezidentinin Rusiya ilə Ukrayna prezidentləri arasında görüş təşkil etmək təklifi ilə bağlı sualı cavablandırarkən deyib: “Bilirsiniz ki, Prezident Ərdoğan dəfələrlə öz köməyini təklif edib və sülh prosesinin başlanması üçün səylər göstərib. Biz bilirik ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların bir neçə raundunun keçirilməsi üçün çox yaxşı şəraitin təşkilində onun rolu kifayət qədər böyük olub. Prezident də bu cür siyasi iradə ifadə etməkdə davam edir - belə bir prosesə kömək etmək üçün səylər göstərir. Lakin bilirsiniz ki, Ukraynanın danışıqlar aparan nümayəndə heyəti, necə deyərlər, “radarlardan uzaqlaşıb”. Hazırda bununla bağlı heç bir danışıqlar prosesi yoxdur”.
D.Peskov əlavə edib ki, hazırda heç bir danışıqlar və onlar üçün heç bir ilkin şərt yoxdur.