İtaliyada quraqlıq səbəbindən suyun səviyyəsi aşağı düşən Po çayının yatağında İkinci Dünya müharibəsindən qalma partlamamış bomba tapılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Po çayının Mantova şəhəri yaxınlığındakı Borqo Virqilio qəsəbəsindən keçən hissəsində balıqçılar tərəfindən aşkar edilən bomba İtaliya ordusunun mütəxəssisləri tərəfindən keçirilən əməliyyat zamanı təhlükəsiz şəkildə zərərsizləşdirilib. Əməliyyat çərçivəsində bölgədə yaşayan təxminən 3 min nəfər təhlükəsizlik səbəbindən təxliyə edilib, dəmir yolu nəqliyyatının hərəkəti bir müddət dayandırılıb.
Müharibə dövründə təyyarədən atılan bombanın ABŞ istehsalı olduğu bildirilib.