İspaniyanın Nəqliyyat, Mobillik və Şəhər İnkişafı Nazirliyi Ukraynadan Krallığa qatarla taxıl gətirilməsinə dair pilot layihəsinin işə salındığını elan edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, nazirlik Ukraynadan ixrac məsələsində yaranmış çətinlikləri nəzərə alaraq adi dəniz nəqliyyatının alternativi və ya ona əlavə kimi pilot layihəsini işə salıb.
Yükdaşımalara xidmət üzrə İspaniya operatoru 600 ton Ukrayna qarğıdalısının İspaniyaya daşınması üçün Polşa ilə Ukrayna arasında sərhədə 25 konteyner göndərib.
Beləliklə, İspaniya hökuməti Lodzdan (Polşa) Barselonaya (İspaniya) qədər marşrut üzrə Avropadan keçən dəmir yolu magistralı ilə taxıl daşımalarının texniki və iqtisadi cəhətdən həyat qabiliyyətli olmasını nümayiş etdirməyə hazırlaşır.
Gözlənildiyinə görə, bu yük sentyabrın əvvəlində İspaniyaya çatdırılacaq.