Bu gün milli mənafelərini BMT və NATO da daxil olmaqla, bütün istiqamətlərdə cəsarətlə müdafiə edən, nəticələr qazanan, demokratik təsisatlara malik Türkiyə mövcuddur.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Sədri, dövlət başçısı Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi partiyanın vilayət rəhbərlərinin geniştərkibli iclasında ifadə edib.
Təsis olunandan Türkiyənin milli və dövlətçilik maraqlarını əzmlə qorumaq istiqamətində ciddi səylər göstərərək böyük nəticələr qazanan Ədalət və İnkişaf Partiyasının keçdiyi inkişaf yoluna nəzər salan dövlət başçısı deyib ki, bu günün Türkiyəsi iyirmi il əvvəlki ilə müqayisədə daha demokratik və azad ölkədir.
Xatırladaq ki, avqustun 14-də hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) yaranmasının 21-ci ildönümü tamam olub. Təsis ediləndən bəri keçirilən seçkilərdə 15 dəfə qələbə qazanan AK Parti 2023-cü ildə planlaşdırılan prezident və parlament seçkilərində də yenidən zəfər qazanmaqda israrlıdır.
Qeyd edək ki, qardaş ölkələrimizin hakim partiyaları - Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. Partiya sədrləri - Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri hakim partiyaların qarşılıqlı faydalı əməkdaşlığına da böyük töhfələr verib. YAP və AK Partinin ortaq layihələri nümunəvi məcrada inkişaf edir.