Ermənistan Fövqəladə Hallar Nazirliyi bu gün səhər saatlarında İrəvan metropoliteninin stansiyalarının minalanması barədə siqnal alıb və bu səbəbdən sərnişin daşınması müvəqqəti dayandırılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə məlumat metropolitenin mətbuat xidməti tərəfindən yayılıb.
“Avqustun 16-da saat 10:05-də FHN-in Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İrəvan metropoliteninin stansiyalarına partlayıcı qurğular qoyulduğu barədə məlumat daxil olub. Stansiyalara FHN-in briqadaları yollanıb. Hazırda metroda sərnişin daşınması müvəqqəti dayandırılıb”, - məlumatda belə deyilir.
FHN metronun minalanması barədə bazar günü də analoji siqnal almışdı. Yoxlama aparılmış və partlayıcı maddələr aşkarlanmamışdı.
Qeyd edək ki, İrəvan metropoliteni bir xətt boyunca yerləşən 10 stansiyadan ibarətdir.