Türkiyə Prezidenti: Beynəlxalq ictimaiyyət Rusiya-Ukrayna böhranının həlli prosesini canlandırmaq üçün daha çox məsuliyyət daşımalıdır
Bu, mənim qarşıdurma başladıqdan sonra Ukraynaya ilk səfərim idi. Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşlərimiz zamanı ikitərəfli münasibətlərimizin bütün aspektlərini müzakirə etdik. Təbii ki, altı aya yaxındır davam edən böhran danışıqlarımızın əsas mövzusu oldu. Bu qarşıdurmanın diplomatiya və danışıqlar yolu ilə həllinə töhfəmizi verməyə davam edəcəyimizi bir daha bildirdim. İki ölkə liderinin görüşünə ev sahibliyi etməyə hazır olduğumuzu da xatırlatdım.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfərdən geri dönərkən jurnalistlərə açıqlamasında bildirib.
Səfər zamanı Ukrayna Prezidenti Volodimir Zelenski və Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşlə üçtərəfli görüşlərinin keçirildiyini xatırladan Rəcəb Tayyib Ərdoğan deyib: “Üçtərəfli görüş zamanı Ukrayna taxılının ixracı üçün yaradılmış mexanizmin fəaliyyətinin artırılması istiqamətində atılacaq addımları müzakirə etdik. Diplomatik prosesi canlandırmaq üçün beynəlxalq ictimaiyyətin daha çox məsuliyyət daşımalı olduğunu qeyd etdim”.
Səfər zamanı bu münaqişənin Ukraynada səbəb olduğu dağıntıların həcmi və yardım məsələlərinin də müzakirə edildiyini deyən Türkiyə Prezidenti ölkəsinin Ukraynanın yenidən qurulması prosesində də iştirak edəcəyini, bununla bağlı anlaşma memorandumunun imzalandığını bildirib.
Türkiyə Prezidenti qeyd edib ki, strateji tərəfdaşımız olan Ukrayna ilə əməkdaşlığımızı daha da gücləndirmək üçün bütün səviyyələrdə əlaqələrimizi davam etdirməyə razılaşdıq. Ümid edirəm ki, görüşlərimiz regionumuz, qlobal sülh və sabitlik üçün faydalı olacaq.
Ukraynanın Enerqodardakı Zaporojye Atom Elektrik Stansiyası ətrafında davam edən gərginliyə toxunan Türkiyə Prezidenti bunun üçün Rusiya Prezidenti Vladimir Putinə müraciət edərək rəsmi Moskvanın da bu məsələdə sülh üçün mühüm addım kimi üzərinə düşəni etməsini xahiş edəcəklərini deyib.