Türkiyə Prezidenti: Növbəti beş ildə hədəfimiz 85 milyon əhalinin hamısını etibarlı çətir altına almaqdır
İndiyədək Türkiyədə üç milyon yaşayış məntəqəsini yeniləyərək 12 milyon vətəndaşımıza təhvil verdik. Növbəti beş ildə hədəfimiz 85 milyon əhalinin hamısını etibarlı yaşayış şəraiti ilə təmin etməkdir. Bu günədək İstanbulda 300 min yaşayış məntəqəsini yenidən qurmuşuq. Daha 140 min yaşayış və iş yerində yenidənqurma işləri davam edir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “60 min Yaşayış Məntəqəsində Böyük İstanbul Yenidənqurması” layihəsi çərçivəsində İstanbulun Esenler rayonunda keçirilən təqdimetmə mərasimində çıxışı zamanı bildirib.
Ölkəsinin seysmik baxımdan həssas bölgədə yerləşdiyini xatırladan Türkiyə Prezidenti təxminən üç il əvvəl keçirilən son bələdiyyə seçkilərindən sonra İstanbul Böyükşəhər Bələdiyyəsində CHP-nin fəaliyyətə başladığını, lakin bu dövr ərzində əhalinin təbii fəlakətlərdən qorunması istiqamətində heç bir layihənin həyata keçirilmədiyini bildirib.
Türkiyə Prezidenti sentyabr ayında ölkədə mənzillərin satış və kirayə qiymətlərindəki qeyri-sabit artımın qarşısının alınması, eləcə də zəlzələyə hazırlığa töhfə verəcək yeni fəaliyyət planı ilə bağlı açıqlamalar verəcəyini deyib.