Türkiyə, İsveç və Finlandiya arasında təsis edilən üçtərəfli Daimi Birgə Mexanizmin ilk toplantısı avqustun 26-da Finlandiyada keçiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Anadolu Agentliyi Türkiyə Prezident Administrasiyasına istinadla məlumat yayıb.
Bildirilir ki, Prezidentin müşaviri İbrahim Kalın və xarici işlər nazirinin müavini Sedat Önalın rəhbərlik edəcəkləri Türkiyə nümayəndə heyətinə ədliyyə, xarici işlər, milli müdafiə, daxili işlər nazirliklərindən və təhlükəsizlik orqanlarından nümayəndələr daxildir.
Xatırladaq ki, iyunun 28-də NATO-nun Madrid Sammiti çərçivəsində Alyansın Baş katibi Yens Stoltenberqin iştirakı ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya Prezidenti Sauli Niinistö və İsveçin Baş naziri Maqdalena Andersson bir araya gəliblər.
Finlandiya və İsveçin hərbi alyansa üzvlük müraciətinin müzakirə olunduğu bu görüşdə və məsələyə dair sonrakı proseslərdə Türkiyə mövqeyini açıq bəyan edib - NATO müttəfiqləri Türkiyəyə qarşı fəaliyyət göstərən terror təşkilatlarını bu və ya digər formada dəstəkləyə bilməzlər.
Finlandiya və İsveç PYD/YPG və FETÖ terror təşkilatlarının dəstəkləməyəcəkləri, eləcə də Türkiyənin tələb etdiyi terrorçuları rəsmi Ankaraya təhvil verəcəkləri barədə öhdəlik götürüblər. Ötən dövrdə İsveç və Finlandiya Türkiyə qarşısında götürdükləri öhdəliklərin yerinə yetirilməsi istiqamətində real addım atmayıblar.