Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Türkiyədə səfərdədir. Baş katib Ukraynadan taxıl məhsullarının təhlükəsiz daşınması üçün İstanbulda yaradılan Birgə Koordinasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, BMT-nin Baş katibi ilə Türkiyənin milli müdafiə naziri Hulusi Akar birgə mətbuat konfransı keçiriblər.
Konfransda çıxış edən nazir Hulusi Akar Rusiya ilə Ukrayna arasında davam edən müharibə səbəbindən dünyada enerji və ərzaq böhranı riskinin artdığını, bu səbəbdən Ukrayna limanlarında gözləyən 25 milyon tondan çox taxılın ehtiyacı olan ölkələrə təhlükəsiz və qısa müddətdə çatdırılması üçün dəniz dəhlizinin yaradılmasının zərurətə çevrildiyini bildirib.
Qeyd edilib ki, bu məqsədlə Türkiyə, Rusiya, Ukrayna, eləcə də BMT nümayəndələrindən ibarət Birgə Koordinasiya Mərkəzinin fəaliyyəti olduqca vacibdir. BMT-nin himayəsi və Türkiyənin ev sahibliyi etdiyi bu mərkəzdə nümayəndələrin sayı tədricən artırılır. Hazırda burada Türkiyədən 14, Rusiyadan 22, Ukraynadan 12 və BMT-dən 23 nəfər olmaqla, ümumilikdə 71 nümayəndə fəaliyyət göstərir. Digər mühüm məqam isə mərkəzdə heç bir hərbi fəaliyyətin olmamasıdır. Birgə Koordinasiya Mərkəzi bütün fəaliyyətini tərəflər və BMT ilə sıx koordinasiya şəklində həyata keçirir.
Nazir bildirib ki, avqustun 1-dən etibarən Ukrayna taxılının və digər ərzaq məhsullarının dünya bazarına çatdırılması üçün 52 gəmi yola çıxıb. Onlardan 27-si Ukrayna limanlarından hərəkət edib. Boş 24 gəmi isə bu ərzaq məhsullarının alınması məqsədilə Ukrayna limanlarına yanaşıb. İndiyədək Ukrayna limanlarından ümumilikdə 656 min 349 ton taxılın daşınması həyata keçirilib. Bu rəqəmin daha da artacağı gözlənilir.
BMT-nin Baş katibi Antonio Quterreş isə taxıl dəhlizinin yaradılmasındakı vacib roluna görə Türkiyəyə minnətdarlığını ifadə edib.