Qəza nəticəsində ölənlərin sayı 20-yə yüksəlib. Ölənlərdən biri polis əməkdaşıdır. Yaralılardan 26-nın müalicəsi davam edir. Hadisə hərtərəfli araşdırılacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu ölkənin Mardin vilayətində zəncirvari avtomobil qəzasının baş verdiyi ərazini ziyarət edərkən bildirib.
Hadisəyə səbəb olmaqda şübhəli bilinən iki sürücünün nəzarət altına alındığını qeyd edən nazir onların da qəza zamanı xəsarət aldığını və hazırda xəstəxanada olduğunu deyib.
Xatırladaq ki, hadisə avqustun 20-si axşam saatlarında Mardinin Derik rayonunda yerləşən yanacaqdoldurma stansiyasının yaxınlığında baş verib. Əyləcində nasazlıq yaranan qoşqulu yük maşını iki avtomobillə toqquşduqdan sonra aşıb. Digər yük maşını isə hadisə zamanı xəsarət alanlara ilkin yardım göstərən tibb işçilərinə və vətəndaşlara çırpılıb.
Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ hadisə ilə bağlı istintaqın başladığını deyib.