Rusiya ordusunun Ukraynanın Dnepropetrovsk vilayətində qatara endirdiyi zərbə nəticəsində ölənlərin sayı artıb.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyi Ukrayna Prezidenti Volodimir Zelenskinin videomüraciətinə istinadən xəbər verir.
"Çaplino bugünkü ağrımızdır. Bu dəqiqəyə olan məlumata görə, (hücum zamanı -red) 22 nəfər ölüb, onlardan 5-i avtomobildə yanıb. Bir yeniyetmə ölüb, onun 11 yaşı var idi, evini Rusiya raketi dağıdıb", - dövlət başçısı bildirib.
Zelenski qeyd edib ki, hazırda dəmiryol vağzalında axtarış-xilasetmə əməliyyatları davam edir.
"Biz mütləq işğalçıları etdikləri hər şeyə görə cavab verməyə məcbur edəcəyik. Və biz mütləq işğalçıları öz torpaqlarımızdan qovacağıq", - Prezident əlavə edib.
Daha əvvəl bildirilib ki, zərbə nəticəsində azı 50 nəfər xəsarət alıb.