Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) avqustun 24-də elan edib ki, son bir həftədə bütün dünyada qeydə alınmış koronavirusdan ölüm halları 15 faiz, yeni yoluxma hallarının sayı isə 9 faiz azalıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, BMT Səhiyyə Agentliyinin COVİD-19 pandemiyası ilə bağlı vəziyyət barədə son həftəlik hesabatına görə, ötən həftə 5,3 milyon yeni yoluxma və 14 mindən çox ölüm faktı qeydə alınıb. ÜST bildirib ki, Sakit okeanın qərb hissəsi istisna olmaqla, dünyanın bütün regionlarında yeni infeksiyaların sayı azalıb.
Afrikada ölüm halları 183 faizdən çox artıb, lakin Avropada bu göstərici 30 faizdən çox, Amerikada isə 15 faiz azalıb. Bununla belə, ÜST xəbərdarlıq edir ki, COVİD-19-a yoluxma göstəriciləri süni şəkildə azaldılıb, çünki bir çox ölkə virusun monitorinqi üçün test yoxlamalarından və epidemioloji nəzarət protokollarından imtina edib. Bu isə o deməkdir ki, aşkar edilmiş faktların sayı əslində olduğundan xeyli aşağıdır.
ÜST nümayəndələrinin sözlərinə görə, hazırda bütün dünyada COVİD-19-un ən geniş yayılmış variantı “omicron BA.5” subvariantıdır. Yoluxma hallarının 70 faizdən çoxu bu variantın payına düşür. Son 1 ayda qeydə alınmış koronavirus növlərinin 99 faizini “omicron” variantları təşkil edir. Bu həftənin əvvəlində “Pfizer” şirkəti ABŞ-ın nizamlama orqanlarına müraciət edərək COVİD-19-a qarşı kombinə edilmiş vaksinin istifadəsinə icazə verilməsini xahiş edib. Bu vaksin “omicron”un BA.4 və BA.5 kimi ən yeni variantlarından müdafiə olunmağa imkan verir.