Türkiyə nümayəndələri bu gün Helsinkidə Finlandiya və İsveç nümayəndə heyətləri ilə keçiriləcək görüşdə onların NATO üzvlüyü məsələsi üzrə bu ölkələrin ərazisindəki terrorçuların fəaliyyəti barədə 350 səhifəlik sənədlər təqdim edəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyə mediası diplomatik mənbələrə istinadla məlumat yayıb.
Türkiyə nümayəndə heyəti Finlandiya və İsveçin diqqətinə terror təşkilatlarına qarşı mübarizədə əməkdaşlığa dair NATO-nun Madrid sammitində imzalanmış memoranduma əməl edilməsinin zəruriliyini çatdırmaq niyyətindədir. Ankara bu fakta diqqət yönəldəcək ki, ekstradisiya tələbinə baxmayaraq, ona terrorçuluq fəaliyyəti ilə əlaqəli olan bir nəfəri belə verməyiblər. Nümayəndə heyəti xatırladır ki, Finlandiya və İsveç üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirməyənə qədər Türkiyə parlamenti onların NATO-ya daxil olmasına razılıq verməyəcək.
İsveç və Finlandiya Şimali Atlantika Alyansına o vaxt qəbul edilə bilər ki, NATO üzvü olan bütün ölkələrin parlamentləri bu qərarı ratifikasiya etsinlər.