Türkiyə XİN: Fransa tərəfi Afrika qitəsindən gələn etirazların mənbəyini öz müstəmləkəçi keçmişində axtarmalıdır
Türkiyənin Xarici İşlər Nazirliyi Fransa Prezidenti Emmanuel Makronun Türkiyəni hədəf alan çıxışı ilə bağlı bəyanat yayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, nazirliyin sözçüsü Tanju Bilgiç Fransa Prezidentinin Əlcəzairə səfəri zamanı bəzi ölkələrlə birgə Türkiyəni də hədəf alan çıxışının son dərəcə təəssüf doğurduğunu açıqlayıb:
"Əlcəzair başda olmaqla Afrikada müstəmləkə keçmişi ilə üzləşməkdə çətinlik çəkən Fransa Prezidenti Makronun digər ölkələri, o cümlədən ölkəmizi ittiham edərək müstəmləkə keçmişindən qurtulmağa çalışması qəbuledilməzdir. Düşmənçiliyi deyil, dostluğu təşviq edən, Afrika Birliyinin strateji tərəfdaşları arasında yer alan Türkiyə həm Əlcəzair, həm də Afrika qitəsinin digər ölkələri ilə münasibətlərini günü-gündən inkişaf etdirir və bu əlaqələr qarşılıqlı etimada əsaslanır. Əgər Fransa Afrika qitəsində ona qarşı reaksiyaların olduğunu düşünürsə, bu reaksiyaların mənbəyini öz müstəmləkə keçmişində və müxtəlif üsullarla davam etdirmə səylərində axtarmalı və bunu düzəltməyə çalışmalıdır. Bu reaksiyaların üçüncü dövlətlərin fəaliyyəti nəticəsində yarandığını iddia etmək, öz keçmişi ilə bağlı problemlərlə üzləşib həll etmək əvəzinə, nəinki bir sosioloji hadisəni və tarixi inkar etmək deyil, həm də bəzi siyasətçilərin təhrif olunmuş mentalitetini əks etdirir. Ümid edirik ki, Fransa digər ölkələri, o cümlədən ölkəmizi günahlandırmadan öz müstəmləkə keçmişi ilə üz-üzə gəlmək üçün ən qısa zamanda kamilliyə çatacaq".