“Ford Motor Co.” şirkəti qızdırıcı mühərriklərin və soyuducu ventilyatorun nasazlığı səbəbindən alışma riski ilə əlaqədar 200.000 yolsuzluq avtomobilini geri çağırdığını elan edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 2015, 2016 və 2017-ci illərdə buraxılmış “Ford Expeditions” və “Lincoln Navigator” modelləri geri çağırılacaq. Şirkətin nümayəndələri bildiriblər ki, mühərriklərlə əlaqədar 25 alışma faktı barədə məlumat alınıb. Şirkətin bəyanatında bildirilir ki, bu yanğınların 12-si avtomobillərin ciddi zədələnməsi ilə nəticələnib. Belə yanğınlar zamanı bir nəfərin qolları və əl barmaqları zədələnib.
Geri çağırmanın növbəti mərhələləri barədə avtomobil dilerlərinə məlumat veriləcək. Geri çağırılmış maşınlarda qabaq hissədə yerləşən ventilyatorun mühərrik qovşağı sentyabrın 12-dən etibarən pulsuz dəyişdiriləcək.
Budəfəki geri çağırma cari ildə sayca ikincidir. May ayında bu şirkət mühərrikin alışma riski ilə əlaqədar 2021-ci ildə buraxılmış 39.013 ədəd “Expedition” və “Navigator” yolsuzluq maşınını geri çağırıb. Sürücülər bu avtomobillərin 16 dəfə alışmasını, bu zaman 1 nəfərin xəsarət almasını bildiriblər.