Cümə günü keçirilən hərracın gedişində Avropada təbii qazın min kubmetrinin qiyməti iyulun 26-dan bəri ilk dəfə 2150 dollardan aşağı düşüb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Londonun ICE birjasının məlumatına görə, ticarət günün başlanğıcından qazın qiymətində təxminən 15 faiz ümumi enmə qeydə alınıb. Niderlanddakı TTF habında min kubmetr qazın oktyabr fyuçersinin qiyməti 2137 dollaradək enib.
Bir qədər əvvəl məlumat verilib ki, “Şimal axını” kəməri ilə qaz nəqlini sentyabrın 3-də təmir başa çatdıqdan sonra bərpa oluna bilər. Bu, Nord Stream AG və Almaniyanın Nel qaz kəməri operatorunun məlumatları ilə təsdiqlənib. Həmçinin avqust ayının yekunlarına əsasən, Avropanın yeraltı anbarlarında qaz ehtiyatlarının həcmi qarşıdakı isitmə mövsümü üçün müəyyənləşdirilən hədəfin 80 faizini ötüb.
Avropada min kubmetr qazın orta qiyməti iyunda 1240 dollar, iyul və avqustda müvafiq olaraq 1850 və 2515 dollar təşkil etmişdi. Martın 7-də isə qazın birja qiymətləri tarixi maksimuma - 3900 dollara yüksəlmişdi.
Ekspertlər istisna etmirlər ki, qarşıdakı payız-qış mövsümündə Avropada min kubmetr qazın qiyməti 4000 min dollardan yuxarı qalxa bilər.