Yaponiya Turizm Agentliyi gələn həftədən başlayaraq əcnəbi turistlərin ölkəyə gəlişinə icazə verilməsi ilə əlaqədar qaydalara yenidən baxır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hökumət sentyabrın 7-dən başlayaraq bütün ölkələrdən olan turistlərin gəlişinə icazə verib. Həmin tarixdən başlayaraq səyyahlar müstəqil şəkildə öz marşrutlarını müəyyənləşdirsələr də, turizm agentlikləri onları ölkədə olduqları müddətdə rabitə vasitələri ilə təchiz etməlidirlər.
Bununla yanaşı, hökumət turizm agentliklərindən kənar səfərlərini təşkil etmək istəyən turistlərə ölkəyə gəliş icazəsi verməyəcək. Həmçinin səyahətin istiqaməti əvvəlcədən müəyyən olunacaq. Lakin tezliklə turistlərə görməli yerlərə səfərlər üçün öz cədvəllərini və gün ərzində qidalanma saatını müəyyən etmək hüququ veriləcək.
Turizm agentlikləri turların təşkili ilə bağlı məsuliyyət daşıyacaqlar və turistlərdən telefon nömrələrini və ya digər əlaqə məlumatlarını almalıdırlar. Həmçinin agentliklər turistlərdən yoluxma ilə bağlı qaydalara əməl etməyi, üz üçün maskalardan istifadəni tələb etməlidirlər.
Yaponiya Turizm Agentliyinin məlumatına görə, iyundan başlayaraq sərhədlər turistlər üçün açıldıqdan sonra əcnəbi turistlərin heç birində COVID-19 aşkar edilməyib. Agentlik bəyan edib ki, yoluxma ilə əlaqədar mübarizənin yüksək səviyyədə təşkili sayəsində o, ölkəyə gələn əcnəbilərin sayının artmasına nail olmaq niyyətindədir.