Bu gün Böyük Britaniyanın yeni baş nazirinin adı açıqlanacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün yerli vaxtla saat 12:30-da yeni baş nazirin və Mühafizəkarlar Partiyasının yeni rəhbərinin adı açıqlanacaq.
Baş nazir postu üçün xarici işlər naziri. 47 yaşlı Liz Tras və keçmiş maliyyə naziri, 42 yaşlı Rişi Sunak mübarizə aparır. İki namizəd iyulun 28-dən avqustun 31-dək ölkə daxilində keçirilən tədbirlərdə partiya üzvlərini onlara dəstək verməyə inandırmağa çalışıb. Ölkə üzrə 200 minə yaxın Mühafizəkarlar Partiyası üzvü yeni baş nazir və partiyanın yeni liderini seçmək üçün səs verib.
Seçkilərin nəticələrinin açıqlanmasından bir gün sonra Boris Conson baş nazir vəzifəsində istefa ərizəsini Kraliça II Elizabetə təqdim etmək üçün Balmoral sarayına gedəcək.
Adı açıqlanacaq yeni baş naziri asan bir proses gözləmir. Enerji qiymətlərindəki artımların milyonlarla ev təsərrüfatlarına mənfi təsirləri, Brexitdən qalan problemlər, 40 ildən sonra inflyasiyanın yüksək həddə çatması, əsasən dəmir yolu sektoru olmaqla müxtəlif sektorlarda ölkə miqyasında tətillər, qeyri-qanuni mühacir problemi və Ruanda məsələsi, Milli Səhiyyə Xidmətində (NHS) müalicə olunmağı gözləyən milyonlarla xəstə yeni baş naziri gözləyən prioritet problemlər arasındadır.