Brendlərin dəyərinin təhlili üzrə ixtisaslaşan "Brand Finance” konsaltinq şirkəti (Britaniya) bu yaxınlarda özünün “Soft Power Index 2022” hesabatını dərc edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hesabata görə dünyada ən nüfuzlu yumşaq qüvvə ölkələrinin siyahısında Afrikadan olan üçlüyə Misir, Cənubi Afrika Respublikası və Mərakeş daxildir. Dünya reytinqində bu dövlətlər, müvafiq surətdə, 31-ci, 34-cü və 46-cı yerləri tutur. Sonrakı yerləri Nigeriya (qitədə 4-cü və dünyada 69-cu yer), Mavrikiya (5-ci və 71-ci yer), Ruanda (6-cı və 74-cü yer), Əlcəzair (7-ci və 75-ci yer), Tunis (8-ci və 76-cı yer), Qana (9-cu və 86-cı yer) və Madaqaskar (10-cu və 94-cü yer) tutur.
İllik hesabat dünyanın bütün qitələrini və regionlarını təmsil edən 100-dən çox ölkədə aparılmış ictimai rəy sorğusuna, habelə ölkə hökumətində, beynəlxalq təşkilatlarda, şirkətlərdə və qeyri-hökumət təşkilatlarında qərarlar qəbul edən şəxslərin fikirləri əsasında tərtib edilir.
Müəllifi amerikalı Cozef Nay olan yumşaq qüvvə konsepsiyası dövlətin qüvvə tətbiq edilməsindən və ya hər hansı başqa məcburetmədən fərqli vasitələr dəstinin köməyi ilə beynəlxalq münasibətlərə təsir göstərmək və onları öz xeyrinə yönəltmək qabiliyyətidir. Getdikcə daha çox Afrika ölkəsi öz imicini təbliğ etməyə səy göstərir. Bəzi ölkələr üçün bu səylər yalnız turizm kimi sahələrlə məhdudlaşırsa, başqaları əksinə, öz fəaliyyət sahələrini şaxələndirməyə çalışır.
Tədqiqatın nəticələri göstərir ki, Afrika ölkələri yaxın keçmişdəki ilə müqayisədə daha nüfuzlu olub. Lakin indiyə qədər bu qitənin heç bir ölkəsi dünya ölkələrinin ilk iyirmiliyinə daxil ola bilməyib.
Mərakeş bu reytinqdə tutduğu yerə görə diplomatik səylərə, Nigeriya isə yaradıcı və mədəni sənaye sektorlarına, o cümlədən musiqi və kinoya borcludur. Mavrikiya xüsusən öz turizm istiqamətlərini təbliğ etmək üçün milli brend yaratmağa çox səy göstərib. Ölkənin bu səyləri təbii olaraq yumşaq qüvvə doğurub və ada-dövlət reytinqə daxil edildiyi vaxtdan bəri ilk dəfə dünyanın ən güclü 75 dövləti sırasına düşüb. Ruandanın tərəqqisi isə heç də gözlənilməz deyil: onun “Ruandaya gəlin” milli brendinqi kampaniyasını və bu kontekstdə “Pari Sen-Jermen” futbol klubu ilə tərəfdaşlığını nəzərə alsaq, çox ehtimal ki, indi bu ölkə qitədə yumşaq qüvvənin ən iri daşıyıcı olacaq.