Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov sentyabrın 5-də Aşqabadda Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Bağdad Amreyevi qəbul edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Bağdad Amreyev Türkmənistan Prezidentinə Təşkilatın fəaliyyəti və TDT çərçivəsində davam edən əməkdaşlıq prosesləri barədə məlumat verib.
Baş katib üzv ölkələr arasında xüsusilə mühüm sahələrdə çoxtərəfli səmərəli əməkdaşlıq üçün möhkəm hüquqi bazanın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. O, bu xüsusda “Beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında” Sazişin, Sadələşdirilmiş Gömrük Dəhlizi haqqında Sazişin, Xidmətlər və İnvestisiyalarda Azad Ticarət Sazişinin, Türk İnvestisiya Fondunun yaradılması haqqında Sazişin yekunlaşdırılmasının vacibliyinə toxunub.
Prezident Sərdar Berdiməhəmmədov Təşkilatın qardaş türk dövlətləri arasında çoxşaxəli əməkdaşlığın qorunub saxlanılmasında əldə etdiyi mühüm nailiyyətlərdən məmnunluğunu ifadə edib və Türkmənistan rəhbərliyinin Baş katibin bu istiqamətdə səylərini dəstəklədiyini bildirib.
S.Berdiməhəmmədov Türkmənistanın Təşkilat çərçivəsində əməkdaşlığın real potensialını üzə çıxaracaq daha fəal rol oynamaq əzmində olduğunu bir daha vurğulayıb. Bu nöqteyi-nəzərdən Türkmənistan Prezidenti Baş katiblə mövcud əməkdaşlıq mexanizmlərinin inkişaf etdirilməsi, xüsusilə iqtisadiyyat, nəqliyyat və enerji sektorlarında, eləcə də gənclər, mədəniyyət, təhsil, turizm və sağlamlıq kimi əməkdaşlıq sahələrində yeni mexanizmlərin yaradılması haqqında fikirlərini bölüşüb.
B.Amreyev öz növbəsində Türkmənistan Prezidentinə 2022-ci il noyabrın 11-də Səmərqənddə keçiriləcək TDT Zirvə toplantısına hazırlıq və iclasın gündəliyində duran mühüm məsələlər barədə də məlumat verib. O, Zirvə toplantısı zamanı və ondan sonra Türkmənistanın təşkilatdakı rolunun artacağına ümid etdiyini bildirib.
Prezident Sərdar Berdiməhəmmədov TDT-nin Səmərqənd Zirvə toplantısının türk dünyasının birliyinin möhkəmləndirilməsi və təşkilatın fəaliyyətinin gücləndirilməsi üçün daha bir dönüş nöqtəsi olacağına əminliyini ifadə edib.
Sonda Prezident və Baş katib beynəlxalq və regional gündəliyin aktual mövzuları ətrafında da fikir mübadiləsi aparıblar.