Türkiyə Rusiya üçün mühüm siyasi tərəfdaş və dost ölkədir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, RF Prezidentinin mətbuat katibi Dmitri Peskov bunu “İzvestiya” telekanalına müsahibəsində söyləyib.
“Əlbəttə, Türkiyə bizim üçün dost ölkədir. Türkiyə bizdən ötrü çox mühüm tərəfdaşdır. Özü də həm beynəlxalq siyasət baxımından siyasi məsələlərdə, həm də ticari-iqtisadi əməkdaşlıq baxımından. Bilirik ki, Türkiyə qanunsuz antirusiya sanksiyalara qoşulmayıb, Türkiyə faktiki olaraq suveren, müstəqil xarici siyasət yürüdür”, - deyən D.Peskov daha sonra əlavə edib ki, bu, tərəflərin bir-birinin maraqlarına qarşılıqlı hörmət və qarşılıqlı fayda prinsiplərini əsas götürərək qarşılıqlı fəaliyyəti davam etdirmələrinə imkan verir. RF Prezidentinin mətbuat katibi deyib: “Potensial çox böyükdür və o, hələ tam açılmayıb”.
Bununla belə, D.Peskov qeyd edib ki, tərəflər arasında bir sıra məsələlərə dair fikir ayrılıqları var və Ukrayna məsələsi də bu qəbildəndir.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin müxtəlif situasiyalarda, o cümlədən taxıl məsələsində Türkiyənin vasitəçilik səylərini yüksək qiymətləndirir.
D.Peskov Türkiyənin Rusiya və Ukrayna prezidentləri arasında danışıqları təşkil etmək təşəbbüsünü şərh edərək deyib: “Zelenski ilə Putinin görüşü məsələsinə gəldikdə, burada heç nə dəyişməyəcək. Görüş xatirinə görüş heç kimə lazım deyil. Belə görüşün baş tuta bilməsi üçün görüş ideyasının özü gündəlikdə olmalıdır. Bundan ötrü işləmək, ali səviyyədə təsbit edilməli razılaşmaların təməlini qurmaq lazımdır. Hələlik bu barədə söhbət getmir”.